18 iyul 2026. Şənbə

Mingəçevirdə idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı keçirildi


  • Offside
  • 13:21 17.07.2026
  • Oxunma sayı: 37
Mingəçevirdə idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı keçirildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə idman federasiyalarının nümayəndələrinin iştirakı ilə balıq ovu festivalı təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən tədbirdə 20 idman federasiyasının nümayəndəsi iştirak edib. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və daha iri balıq tutmaq uğrunda mübarizə aparıblar.

Yekun nəticələrə əsasən, kişilər arasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təmsilçisi Azər Məhərrəmov birinci yeri tutub. Azərbaycan Su İdman Növləri Federasiyasından Vüsal Qurbanov ikinci, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov isə üçüncü olub.

Qadınların yarışında isə Azərbaycan Voleybol Federasiyasının təmsilçisi Şəfəq Kərimova qalib adını qazanıb. "Azəridmanservis"in nümayəndəsi Ədibə Əliyeva ikinci, Azərbaycan Boks Federasiyasından Samirə Ağayeva isə üçüncü pillədə qərarlaşıb.

Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bildirilib ki, festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, həmçinin dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası gələcəkdə də idmanın və sağlam həyat tərzinin təbliğinə xidmət edən bu cür tədbirlərin təşkilini davam etdirəcək.







Offside