- Offside
- 12:21 18.07.2026
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirində Azərbaycanın daha üç təmsilçisi mübarizəyə qoşulub.
90deqiqe.Az xəbər verir ki, qadın güləşçisi Birgül Soltanova (65 kq) yarışda bürünc medal qazanıb.
İlk görüşündə Rumıniya təmsilçisi Mariya Pantirunu 13:5 hesabı ilə məğlub edən Soltanova 1/4 finalda ABŞ idmançısı Riis Larramendiyə 4:6 hesabı ilə uduzub. Bürünc medal uğrunda qarşılaşmada isə o, Kanadanı təmsil edən Miki Roubottomu "tuş"la məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu nəticə Birgül Soltanovanın karyerasında reytinq turnirlərində qazandığı ilk medal olub.
68 kq çəki dərəcəsində çıxış edən Nigar Mirzəzadə isə türkiyəli dünya mükafatçısı və ikiqat Avropa çempionu Nesrin Başa 0:10 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Yunan-Roma güləşində debüt edən Məhəmməd Şükürzadə (67 kq) də uğursuz çıxış edib. O, 1/8 final mərhələsində xorvatiyalı Dominik Etlingerə 0:9 hesabı ilə uduzub.