- Offside
- 23:01 19.07.2026
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Portuqaliyanın Qondomar şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində tarixi uğura imza atıb.
90deqiqe.Az xəbər verir ki, Onur türkiyəli tərəfdaşı Görkəm Öcal ilə qoşa yarışlarda çıxış edərək yarımfinala yüksəlib və bürünc medal qazanıb.
Beləliklə, istedadlı idmançı müstəqillik dövründə yeniyetmələr arasında Avropa birinciliyində medal qazanan ilk azərbaycanlı stolüstü tennisçi kimi tarixə düşüb.
Onur Quluzadə – Görkəm Öcal cütlüyü yarımfinal mərhələsində Avstriya və İspaniyanı təmsil edən Luis Fegerl – Vladimir Mayorov tandeminə gərgin keçən qarşılaşmada 2:3 hesabı ilə məğlub olub. Bununla da cütlük turniri bürünc medalla başa vurub.
Bu nəticə Azərbaycan stolüstü tennisi tarixinin ən önəmli uğurlarından biri kimi qiymətləndirilir.