- Offside
- 21:46 20.07.2026
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiqlənmiş idman təqvim planına uyğun olaraq iyulun 25-26-da Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.
Bildirilib ki, Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunacaq yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən velosipedçilər fərdi və qrup ötüşməsi növlərində mübarizə aparacaqlar.
İki gün davam edəcək yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış keçiriləcək.
Yarışın əsas məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və bu idman növünə yeni istedadların cəlb edilməsidir.