21 iyul 2026. Çərşənbə axşamı

"Sabahın Ulduzları" layihəsi yenidən start götürür


  • Offside
  • 20:26 20.07.2026
  • Oxunma sayı: 40
"Sabahın Ulduzları" layihəsi yenidən start götürür

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək "Sabahın Ulduzları" layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi və məlumatlandırma sessiyası keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, BFF-nin prezidenti Tahir Süleymanov, AFFA-nın Texniki direktoru Edmond Klaus, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov, eləcə də digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə 2006-cı ildən etibarən təşkil olunan və uşaq futbolunun inkişafına yönəlmiş "Sabahın Ulduzları" layihəsinin tarixi, məqsədləri və bu turnirdən yetişərək sonradan milli komandaya qədər yüksələn futbolçular barədə məlumat verilib.

BFF-nin prezidenti Tahir Süleymanov layihənin əsas məqsədinin Azərbaycan futboluna yeni istedadlar qazandırmaq olduğunu bildirib:

"Turniri ərsəyə gətirməkdə məqsədimiz böyük işlər görməkdir. Bu istiqamətdə bizə yaradılan şəraitə görə AFFA rəhbərliyinə və yeni tərəfdaşlarımıza təşəkkürümü bildirirəm".

AFFA-nın baş katibi Cahangir Fərəcullayev isə "Sabahın Ulduzları"nın yenidən keçirilməsini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, layihə AFFA-nın İnkişaf Strategiyasının mühüm hissəsidir və uşaq futbolunun inkişafına xidmət edir. Fərəcullayev gələcəkdə turnirin beynəlxalq status qazanacağına ümid etdiyini də vurğulayıb.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da çıxışında vaxtilə "Sabahın Ulduzları" turnirinin iştirakçısı olduğunu xatırladıb. O bildirib ki, bu layihə təkcə futbolçuların deyil, hakimlərin də yetişməsində mühüm rol oynayıb və gələcəkdə milli komandaya yeni istedadların qazandırılmasına töhfə verəcək.

AFFA-nın Texniki direktoru Edmond Klaus isə uğurlu futbol sisteminin əsasının uşaq futbolundan başladığını qeyd edib. O, istedadların aşkara çıxarılması və davamlı yarışların keçirilməsinin gənc futbolçuların inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.







Offside