21 iyul 2026. Çərşənbə axşamı

Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başa çatdı


  • Offside
  • 21:46 20.07.2026
  • Oxunma sayı: 46
Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başa çatdı

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Azərbaycan Minifutbol Federasiyasının dəstəyi və "Fire League"in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən 10 rezident müəssisənin komandalarının qatıldığı yarışa mayın 16-da start verilib. İki ay davam edən turnirin final oyunları və mükafatlandırma mərasimi keçirilib.

Üçüncü yer uğrunda keçirilən qarşılaşmada STP və "Azertexnolayn PBZ" komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan "Azertexnolayn PBZ" turniri bürünc medalla başa vurub.

Final görüşündə isə "Assan STP Panel" və "Azerfloat" komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Azerfloat" rəqibini 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Mükafatlandırma mərasimində çıxış edən İZİA İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qalibləri və iştirakçıları təbrik edərək, belə yarışların kollektivlər arasında həmrəyliyin möhkəmlənməsinə və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verdiyini bildirib.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim olunub. Fərdi nominasiyalar üzrə Azər Mirzəyev ("Assan STP Panel") turnirin ən yaxşı qapıçısı, Nicat Məmmədov ("Azerfloat") ən yaxşı oyunçusu, Kənan Abdurrəhimov ("Azertexnolayn TAZ") isə ən məhsuldar futbolçusu seçilib.







Offside