- Offside
- 23:39 22.07.2026
AFFA-nın yeni texniki direktoru Edmond Klaus qarşıdakı illər üçün əsas prioritetlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın rəsmi saytına müsahibəsində danışıb.
Edmond Klaus bildirib ki, qarşıdakı üç il ərzində əsas məqsəd Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək, milli komandaların nəticələrini yaxşılaşdırmaq və onların beynəlxalq arenada daha uğurlu çıxışına nail olmaqdır.
"Yaxın gələcəkdə əsas hədəflərimizdən biri gənclərdən ibarət milli komandaların UEFA turnirlərinin A Liqasında mübarizə aparması və beynəlxalq səviyyədə daha rəqabətədavamlı kollektivlərə çevrilməsidir", – deyə texniki direktor vurğulayıb.
Klausun sözlərinə görə, prioritetlər sırasında milli komandaların futbolçuları üçün həm təlim-məşq toplanışları zamanı, həm də həmin dövrlərdən kənarda fərdi inkişaf proqramlarının hazırlanması da yer alır.
O əlavə edib ki, oğlan və qızlardan ibarət bütün milli komandaların vahid futbol fəlsəfəsinə əsaslanan oyun üslubunun formalaşdırılması, akademiyaların qiymətləndirilməsi, istedadların aşkarlanması sisteminin yaradılması, eləcə də AFFA-nın texniki istiqamətdə fəaliyyət göstərən departamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi qarşıdakı dövrün əsas fəaliyyət istiqamətləri olacaq.