- Offside
- 17:36 22.07.2026
İyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq U17 dünya güləş çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, bununla əlaqədar Milli Gimnastika Arenasında mətbuat üçün açıq formatda yığma komandalarla görüş keçirilib.
Tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və federasiyanın baş katibi Pərvin Piriyev çıxış edərək güləşçilərə məsul yarışda uğurlar arzulayıblar. Onlar idmançıları son saniyəyədək əzmlə mübarizə aparmağa və məşqçilərin tapşırıqlarını dəqiqliklə yerinə yetirməyə çağırıblar.
Daha sonra yığma komandaların böyük məşqçiləri Rafiq Hüseynov, Hacı Əliyev və Mariya Stadnik dünya çempionatına hazırlıq prosesi barədə məlumat verərək rəhbərlik etdikləri heyətləri ictimaiyyətə təqdim ediblər.
Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçi Rafiq Hüseynovun rəhbərliyi altında komandanın heyətində Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Abdurrahman Hüseynli (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Nadir Həsənov (71 kq), İsfahan Həsənov (80 kq), Zöhrab Səfərov (92 kq) və Emin Baxşəliyev (110 kq) yer alıblar.
Qadın güləşi üzrə yığma isə növbəti yarış günlərində mübarizəyə başlayacaq. Böyük məşqçi Mariya Stadnikin rəhbərlik etdiyi komandanın heyətində Gülxanım Şirinova (40 kq), Vəfa Orucova (43 kq), Nuray Cəfərli (46 kq), Nəzrin Əhmədli (49 kq), Fatimə Bayramova (53 kq), Qaratel Quliyeva (57 kq), Fidan Babayeva (61 kq), Rəna Nuriyeva (65 kq) və Simurə Abdullayeva (69 kq) yer alıblar.
Qeyd edək ki, U17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək və yarışda dünyanın ən güclü yeniyetmə güləşçiləri mübarizə aparacaqlar.