- Offside
- 23:02 25.07.2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa çempionatına hazırlıqlarını davam etdirən qadınlardan ibarət milli komandanın məşqini izləyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə federasiya rəhbərliyi əvvəlcə komandanın məşq prosesini izləyib. Daha sonra Şahin Bağırov yığmanın üzvləri və məşqçilər heyəti ilə söhbət edərək komandanın hazırlıq səviyyəsi ilə maraqlanıb, voleybolçulara qarşıdakı Avropa çempionatında uğurlar arzulayıb.
Federasiya prezidenti xatırladıb ki, 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalmışdı. O, yığmanın bu dəfə də doğma azarkeşlər önündə uğurlu nəticə qazanacağına, qrup mərhələsini adlayaraq pley-offa yüksələcəyinə inandığını bildirib.
Şahin Bağırov həmçinin Faiq Qarayevin rəhbərliyi altında komandanın məqsədinə çatmaq üçün maksimum səylə mübarizə aparacağına əminliyini ifadə edib.
Görüş zamanı federasiya rəhbərliyinə milli komandanın hazırlıq prosesinin növbəti mərhələsi, eləcə də qarşıdakı yoxlama oyunları barədə ətraflı məlumat təqdim olunub.