- Offside
- 23:02 25.07.2026
Bakıda təşkil olunacaq U-17 dünya güləş çempionatının medallarının dizaynı ictimaiyyətə təqdim edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, çempionat üçün hazırlanan medallar Azərbaycanın zəngin mədəni irsini əks etdirən xüsusi dizaynı ilə diqqət çəkir. Medalın kənar hissələrində milli xalçaçılıq sənətinə məxsus naxışlardan istifadə olunub. Bu elementlər həm yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarır, həm də medallara özünəməxsus estetik görünüş bəxş edir.
Məlumata görə, diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Dünya çempionatında 30 qızıl, 30 gümüş və 60 bürünc medal öz sahiblərinə təqdim ediləcək.
Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçinin iştirakı gözlənilir.