- Offside
- 23:02 25.07.2026
Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.
90deqiqe.Az xəbər verir ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.
İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynadan olan idmançılar U-14 və U-16 yaş kateqoriyalarında qüvvələrini sınayırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.
Turnirlə paralel olaraq, iyulun 24-dən 26-dək iştirakçılar üçün texniki seminarlar da təşkil olunur. Kodokanın mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı və üçqat dünya çempionu Misato Nakamura, həmçinin Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə keçirilən seminarlarda yeniyetmə idmançılar müasir texniki yanaşmalar, fəndlərin tətbiqi və məşq metodikaları üzrə biliklərini artırırlar.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biri hesab olunur. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.