- Offside
- 23:02 25.07.2026
Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku baş tutub.
90deqiqe.Az xəbər verir ki, ölkənin "İdman Paytaxtı" seçilən Qazaxın mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb.
Turnirdə respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən çox oğlan və qız idmançısı 5 kilometr məsafəyə qrup ötüşməsi növündə mübarizə aparıb.
Yarış çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də ayrıca yarış təşkil olunub. Altı yaş kateqoriyası üzrə qalib və mükafatçılar müəyyənləşib, onlar medal, diplom və kuboklarla təltif ediliblər.
Region idmançıları arasında qızların (2013–2015) yarışında Fatimə Qurbanova (Ağdaş UGİŞM) birinci olub. Oğlanların 2012–2014 yaş qrupunda Kamran Abdullayev (Ağdaş UGİŞM), 2008–2011 yaş kateqoriyasında isə Əli Əlizadə (İsmayıllı UGİŞM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qazax rayonunun həvəskar velosipedçiləri arasında keçirilən yarışlarda isə qızların (2010–2014) mübarizəsində Xədicə Əliyeva, oğlanların 2014–2017 yaş qrupunda Nicat Əfəndiyev, 2010–2013 yaş kateqoriyasında isə Talıb Əliyev qalib adını qazanıb.
Qeyd edək ki, Federasiya Kuboku ölkədə velosiped idmanının inkişafı, regionlarda bu idman növünə marağın artırılması və gənc istedadların üzə çıxarılması məqsədilə təşkil olunub.