- Offside
- 23:02 25.07.2026
Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyası üzrə ilk yarış gününün qalibləri və mükafatçıları bəlli olub.
90deqiqe.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirin ilk günündə oğlanlar arasında beş, qızlar arasında isə iki çəki dərəcəsində medalçılar müəyyənləşib.
Azərbaycan cüdoçuları ilk yarış gününü uğurla başa vuraraq bir sıra çəki dərəcələrində fəxri kürsüyə yüksəliblər.
Qızların 57 kq çəki dərəcəsində Firəngiz Kamilova qızıl, Ruqayyə Hüseynova isə gümüş medal qazanıb. +63 kq çəki dərəcəsində isə Mina Cəbrayılzadə birinci, Duyğu İsmayılova ikinci yeri tutub.
Oğlanların 55 kq çəki dərəcəsində Bayram Məmmədli gümüş, İzzət Musayev və Abdurrəhman Əsgərov isə bürünc medal əldə ediblər. 60 kq-da Mirsadiq Babayev gümüş, Ramal Məmmədli və Muhammədəli Mustafa bürünc mükafata sahib çıxıblar.
66 kq çəki dərəcəsində isə Azərbaycan cüdoçuları bütün mükafatları qazanıblar. Süleyman Məmmədov qızıl, Rüfət Allahverdi gümüş, Mövlan İsgəndərli və Sadiq Əlizadə isə bürünc medala layiq görülüblər.
73 kq-da Kərim Məmmədov çempion olub. Şahin Ağabalazadə gümüş, Amin Babazadə isə bürünc medal qazanıb. +73 kq çəki dərəcəsində Salman Musayev yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turnirində 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu U-14 və U-16 yaş kateqoriyalarında mübarizə aparır.