- Offside
- 15:25 26.07.2026
Azərbaycan Güləş Federasiyası (AGF) ilə ABŞ-də fəaliyyət göstərən "Sülh naminə güləş" (Wrestle for Peace) təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
90deqiqe.Az xəbər verir ki, sənəd Milli Gimnastika Arenasında keçirilən tədbir çərçivəsində rəsmiləşdirilib. Mərasimdə hər iki qurumun rəhbər şəxsləri, ABŞ nümayəndə heyəti, qonaqlar və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir zamanı "Sülh naminə güləş" təşkilatının icraçı direktoru Den Rassel AGF-nin baş katibi Pərvin Piriyevlə görüşərək göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Rəsmi hissədən sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında hədiyyə mübadiləsi baş tutub. ABŞ yığmasının güləşçiləri "Zəfər" Güləş Klubunun yetirmələrinə imzalı posterlər təqdim ediblər.
Bununla yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Maykl Haket ABŞ və Azərbaycanın U-17 milli komandalarının üzvlərinə, eləcə də "Zəfər" Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarının nişanlarını hədiyyə edib.
Tədbirin sonunda Azərbaycan Güləş Federasiyası ilə "Sülh naminə güləş" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanaraq tərəflər arasında gələcək birgə fəaliyyətin əsası qoyulub.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçinin iştirakı gözlənilir.