26 iyul 2026. Bazar günü

Azərbaycan vinq çun milli yığması beynəlxalq turnirdə uğurlu nəticələr əldə edib


  • Offside
  • 11:31 26.07.2026
  • Oxunma sayı: 36
Azərbaycan vinq çun milli yığması beynəlxalq turnirdə uğurlu nəticələr əldə edib

22-26 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının (IWUF) təşkilatçılığı ilə vinq çun üzrə mötəbər beynəlxalq turnir keçirilib.

90deqiqe.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 4000-dən çox idmançının iştirak etdiyi yarış yüksək rəqabət şəraitində baş tutub. İştirakçılar müxtəlif kateqoriya və proqramlar üzrə mükafatlar uğrunda mübarizə aparıblar.

Azərbaycanı turnirdə vinq çun üzrə milli yığma komandanın tərkibində 12 idmançı və 2 məşqçi təmsil edib. Komanda yarışda iki proqram üzrə – Çisao (sərbəst döyüş) və Taolu (standartlaşdırılmış kompleks hərəkətlərin nümayişi) çıxış edib.

Nümayəndə heyətinə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və Azərbaycan Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev rəhbərlik ediblər.

Milli yığmanın turnirdə iştirakı Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının dəstəyi ilə həyata keçirilib.

Turnirdə əldə olunan nəticələr

Böyüklər – Çisao (sərbəst döyüş):

• Aydın Sayadlı (60 kq) — 1-ci yer

• Elvin Həsənov (65 kq) — 1-ci yer

• Fərid Mürsəlov (75 kq) — 1-ci yer

Böyüklər – Taolu

• Azər Sahibi — 1-ci yer

• ⁠Emil Əliyev— 2-ci yer

Yeniyetmələr – Çisao (sərbəst döyüş):

• Elnur Kərimov (56 kq) — 2-ci yer

• Məryəm Mahal (60 kq) — 1-ci yer

• Xədicə Həbib (65 kq) — 1-ci yer

• Elmar Nəzərov (80 kq) — 1-ci yer

Yeniyetmələr – Taolu:

• Nailə Əliyeva — 2-ci yer

• Xalid Əliyev — 1-ci yer

Ustadlar kateqoriyasında keçirilən yarışda Ustad Asif Sayadov Taolu proqramında uğurlu çıxış edərək 1-ci yerə layiq görülüb.

Beləliklə, 4000-dən çox iştirakçının mübarizə apardığı turnirdə Azərbaycan idmançıları ümumilikdə 9 qızıl və 3 gümüş medal qazanıblar.

Qazanılan nəticələr Azərbaycan vinq çununun beynəlxalq arenada uğurlu təmsil olunduğunu bir daha nümayiş etdirib.

Milli yığma komandanın 27 iyul tarixində günorta saatlarında Vətənə qayıtması planlaşdırılır.







Offside