- Offside
- 23:54 27.07.2026
Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir.
90deqiqe.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, belə nüfuzlu yarışın Azərbaycanda keçirilməsi ölkə idmanı üçün mühüm əhəmiyyət daşıyır:
"Bu yarışda iştirak edən idmançılar bir neçə ildən sonra Olimpiya Oyunlarında mübarizə aparacaqlar. Onlar gələcəyin olimpiyaçılarıdır".
Çingiz Hüseynzadə vurğulayıb ki, Prezident İlham Əliyev ölkədə güləşin inkişafına hər zaman xüsusi diqqət göstərib və Azərbaycan Güləş Federasiyasının fəaliyyəti dövlət başçısı tərəfindən daim yüksək qiymətləndirilib.
MOK rəsmisinin sözlərinə görə, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında qazandığı medalların əhəmiyyətli hissəsi məhz güləşçilərin payına düşür:
"Burada mübarizə aparan idmançılar bizim gələcəyimizdir. İnanıram ki, onlar gələcəkdə Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəklər. Bütün iştirakçılara uğurlar arzulayıram. Ümid edirəm ki, yarışda ən güclülər qalib gələcək".
Vitse-prezident əlavə edib ki, Bakıda keçirilən U-17 dünya çempionatı Azərbaycanın beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirəcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.