27 iyul 2026. Bazar ertəsi

"Futbol mənim ailəm oldu"


  • Offside
  • 18:38 27.07.2026
  • Oxunma sayı: 43
"Futbol mənim ailəm oldu"

UEFA-nın rəsmi saytında qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Fidan Cəfərovanın həyat yoluna həsr olunmuş geniş məqalə dərc edilib.

90deqiqe.Az  xəbər verir ki, yazıda AFFA və Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi sosial layihənin valideyn himayəsindən məhrum uşaqların futbol vasitəsilə cəmiyyətə inteqrasiyasına, özünəinam qazanmasına və yeni imkanlar əldə etməsinə verdiyi töhfədən bəhs olunur.

Hazırda Türkiyənin "Hakkarigücü Spor" klubunda çıxış edən Fidan Cəfərova bildirib ki, futbol onun həyatını tamamilə dəyişib.

"Futbol mənim ailəm oldu. Uşaq evində böyüyəndə bəzən xəyal qurmaq belə lüks kimi görünür. Futbol mənə məqsəd verdi, özüməinam qazandırdı və gələcəyə inanmağı öyrətdi", – deyə millimizin futbolçusu vurğulayıb.

Uşaq evindən milli komandaya

Məqalədə qeyd olunur ki, Fidan Cəfərova 9 yaşında Şəki Qarışıq Tipli Uşaq Evinə yerləşdirilib. Bir müddət sonra AFFA-nın dəstəyi ilə fəaliyyət göstərən "Marxal" qızlar komandasına qoşulan futbolçu ilk vaxtlar çətinliklər yaşasa da, sonradan futbola bağlanıb.

11 yaşında Azərbaycanın U-15 millisindən ilk dəvət alan Cəfərova bütün aşağı yaş qruplarını keçərək əsas milli komandaya yüksəlib.

"U-15 millisinə çağırılmaq həyatımı dəyişdi. Ondan əvvəl gələcəyim barədə düşünmürdüm. Futbol mənə məqsəd verdi və həyatımın ayrılmaz hissəsinə çevrildi", – deyə o bildirib.

Layihə artıq ilk nəticələrini verir

UEFA-nın yazısında vurğulanır ki, 2024-cü ilin avqustundan həyata keçirilən layihə hazırda Bakı, Şəki, Gəncə və Lənkərandakı altı uşaq evini əhatə edir.

AFFA-nın lisenziyalı məşqçiləri həftədə iki dəfə oğlan və qız uşaqları ilə məşqlər keçir, istedadlı iştirakçılar isə yerli klublara və futbol akademiyalarına yönləndirilirlər.

Artıq layihənin ilk uğurları da qeydə alınıb. İştirakçılardan Alina Cəfərli ötən mövsüm "Şəfa" klubunun formasını geyinib. Hazırda isə daha 13 qız futbolçu "Şəfa", "Marxal", "Neftçi" və "Araz-Naxçıvan"ın aşağı yaş komandalarında məşqlərini davam etdirir.

"Futbolun sosial gücündən istifadə edirik"

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva layihənin əsas məqsədinin uşaqların yalnız futbol bacarıqlarını deyil, həm də liderlik, ünsiyyət və komanda ruhunu inkişaf etdirmək olduğunu bildirib.

Onun sözlərinə görə, Fidan Cəfərovanın uğur hekayəsi layihədə iştirak edən uşaqlar, xüsusilə də qızlar üçün böyük motivasiya mənbəyinə çevrilib.

Fidan Cəfərova isə sonda valideyn himayəsindən məhrum uşaqlara və futbola yeni başlayan qızlara səslənib:

"Heç vaxt ümidinizi itirməyin. Futbol insana çoxlu qapılar açır. Kimlərsə futbolun qızlar üçün olmadığını deyə bilər. Amma hər bir uğurlu hekayə yüzlərlə başqa qız üçün yeni imkan yaradır."







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"