27 iyul 2026. Bazar ertəsi

Bakıda U-17 dünya çempionatının açılış mərasimi keçirildi


  • Offside
  • 18:49 27.07.2026
  • Oxunma sayı: 33
Bakıda U-17 dünya çempionatının açılış mərasimi keçirildi

Bakıda güləş üzrə U-17 dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində dövlət və idman ictimaiyyətinin nümayəndələri, eləcə də Dünya Güləş Birliyinin (UWW) rəsmiləri iştirak ediblər.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov çıxışında ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsi üçün etibarlı məkana çevrildiyini vurğulayıb. O, Azərbaycan Güləş Federasiyası ilə Dünya Güləş Birliyi arasında səmərəli əməkdaşlığın davam etdiyini bildirərək, UWW rəhbərliyinə göstərilən etimada görə təşəkkür edib.

Federasiya prezidenti qeyd edib ki, dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi medal uğrunda mübarizə aparacaq və bu yarış Azərbaycanın idman sahəsində qazandığı nüfuzun daha bir göstəricisidir.

Gənclər və idman naziri Fərid Qayıbov isə çıxışında 2026-cı ildə Bakının ardıcıl şəkildə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb. Nazir "Dünyanın İdman Paytaxtı" statusunun təsadüfi olmadığını vurğulayaraq, bunun Prezident İlham Əliyevin uğurlu idman siyasətinin nəticəsi olduğunu bildirib.

F.Qayıbov dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, bütün iştirakçılara uğurlar arzulayıb və Azərbaycan güləşçilərinin də yarışda uğurlu nəticələr əldə edəcəyinə inandığını söyləyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə U-17 dünya çempionatının ölkə idmanının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün tatamiyə çıxan yeniyetmələrin əksəriyyəti gələcəkdə Olimpiya Oyunlarının iştirakçıları olacaq.

Ç.Hüseynzadə Prezident İlham Əliyevin güləş idman növünə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, Azərbaycan güləşçilərinin Olimpiya uğurlarının ölkə idmanında mühüm yer tutduğunu bildirib.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç də çıxışında gənc idmançılara müraciət edib. O, Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirərək, yeniyetmə güləşçilərə gələcək Olimpiya Oyunlarında iştirak etməyi arzulayıb.

"Gənc idmançılara arzum budur ki, Azərbaycanın alovundan ilham alsınlar və bu gün nümayiş etdirdikləri əzmi gələcək karyeralarında da qorusunlar. Ümid edirəm ki, onların bir çoxunu 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarında yenidən görəcəyik", – deyə UWW prezidenti bildirib.

Rəsmi hissədən sonra açılış mərasimi rəngarəng bədii proqramla davam edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya çempionatına avqustun 2-də yekun vurulacaq. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"