- Offside
- 22:05 28.07.2026
"Qarabağ" Futbol Klubu ilə "BonAqua" brendi arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.
90deqiqe.Az xəbər verir ki, iyulun 28-də keçirilən imzalanma mərasimində "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Rəna Məmmədova və "Qarabağ" FK-nın baş direktoru Emrah Çelikel iştirak ediblər.
Rəna Məmmədova əməkdaşlığın əhəmiyyətindən danışaraq "BonAqua"nın idmanın və sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verdiyini bildirib. O, Azərbaycanın ən uğurlu futbol klublarından biri olan "Qarabağ"la əməkdaşlığın hər iki tərəf üçün mühüm layihələrə yol açacağına inamını ifadə edib.
"Qarabağ" FK-nın baş direktoru Emrah Çelikel isə klubun etibarlı və uzunmüddətli tərəfdaşlıqlara böyük önəm verdiyini vurğulayıb. O, "BonAqua" kimi sağlam həyat tərzini təşviq edən brendin klubun rəsmi su tərəfdaşı olmasından məmnunluğunu bildirib.
Razılaşmaya əsasən, "BonAqua" qarşıdakı illər ərzində "Qarabağ"ın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində brend Ağdam təmsilçisinin əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək.
Qeyd edək ki, "BonAqua" Azərbaycanda "Coca-Cola" şirkəti tərəfindən istehsal olunan təbii içməli su brendidir. Brend ölkədə müxtəlif beynəlxalq idman tədbirlərinin, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Tour d’Azerbaijan", Bakı Marafonu və "Formula 1" Azərbaycan Qran-Prisinin iştirakçı və qonaqlarının su təminatında da rol alıb.
Yeni tərəfdaşlıq "Qarabağ" FK ilə "BonAqua" arasında idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir.