- Offside
- 23:36 28.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında ikinci yarış gününün qalibləri müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan mundialda yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində medalçılar bəlli olub.
Azərbaycan millisinin üzvü Ömər Salmanov (48 kq) bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gələrək yığmanın turnirdə ilk medalını qazanıb.
65 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Həbibli isə Hindistan güləşçisi Kunal Daqarı gərgin keçən qarşılaşmada 7:5 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
80 kiloqramda mübarizə aparan İsfahan Həsənov finalda İran təmsilçisi Alireza Rezayiyə 1:2 hesabı ilə uduzub və dünya çempionatının gümüş medalına sahib çıxıb.
Beləliklə, Azərbaycan millisi U-17 dünya çempionatının ikinci yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.