- Offside
- 22:00 29.07.2026
Dünya voleybolunun tanınmış simalarından, İtaliya millisinin sabiq üzvü İvan Zaytsev karyerasını Azərbaycanda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, təcrübəli voleybolçu Azərbaycan Yüksək Liqasında çıxış edən "Ordu" klubu ilə müqavilə imzalayıb.
Azərbaycan klubunun heyətinə qoşulan Zaytsev zəngin karyerası ərzində dünya voleybolunda mühüm uğurlara imza atıb. O, İtaliya millisinin heyətində "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Təcrübəli oyunçu həmçinin Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, FIVB Millətlər Liqasının medalçısı olub.
Bundan başqa, Zaytsev dəfələrlə İtaliya çempionu adını qazanıb, ölkə kubokunun sahibi olub və CEV Çempionlar Liqasında medal əldə edərək Avropa voleybolunun ən titullu oyunçularından biri kimi tanınıb.
İtaliyalı ulduzun transferi Azərbaycan voleybolu üçün son illərin ən səs-küylü keçidlərindən biri hesab olunur və "Ordu"nun yeni mövsümdəki iddialarını daha da artırır.