30 iyul 2026. Cümə axşamı

Fərid Qayıbov Astanada beynəlxalq idman sammitində çıxış edib


  • Offside
  • 13:19 30.07.2026
  • Oxunma sayı: 37
Fərid Qayıbov Astanada beynəlxalq idman sammitində çıxış edib

Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın paytaxtı Astana şəhərinə işgüzar səfər edib.

90deqiqe.Az xəbər verir ki, nazir səfər çərçivəsində "Alem.AI" Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak edib.

Fərid Qayıbov tədbir çərçivəsində təşkil olunan "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda panel sessiyada çıxış edərək bu sahədə beynəlxalq əməkdaşlığın və dövlət siyasətinin əhəmiyyətindən danışıb.

Sammitdən sonra iştirakçılar "Gələcəyin oyunları"nın rəsmi açılış mərasimini izləyiblər. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər.

Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib. Görüşlərdə idman sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Nazir, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyinin baş qərargahını ziyarət edib. Burada Azərbaycanın hazırda sədrlik etdiyi AQEM Gənclər Şurası çərçivəsində son iki ildə ölkəmizdə keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllü gənclərlə görüş keçirilib. Görüş zamanı gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq qurumlarda karyera imkanları barədə ətraflı məlumat verilib.

Fərid Qayıbov səfər zamanı AQEM-in Baş katibi Kayrat Sarıbay ilə də görüşərək gənclər sahəsində mövcud əməkdaşlıq və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb.







Offside