30 iyul 2026. Cümə axşamı

MOK "Atlanta-1996" Olimpiadasının 30 illiyinə həsr olunan kitab nəşr edib


  • Offside
  • 21:07 30.07.2026
  • Oxunma sayı: 35
MOK "Atlanta-1996" Olimpiadasının 30 illiyinə həsr olunan kitab nəşr edib

Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə müstəqil Azərbaycanın Olimpiya Hərəkatında iştirakına və "Atlanta-1996" Yay Olimpiya Oyunlarının 30 illik yubileyinə həsr olunan yeni kitab işıq üzü görüb.

MOK-dan 90deqiqe.Az-a verilən məlumata görə, "Atlanta Yay Olimpiya Oyunları – 30 il" adlı nəşrdə Azərbaycanın ilk müstəqil Olimpiya təcrübəsi və Atlanta Oyunları ilə bağlı geniş tarixi materiallar yer alıb.

104 səhifədən ibarət kitabda Ümummilli Lider Heydər Əliyevin "Atlanta-1996" Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı imzaladığı Sərəncam, Olimpiya nümayəndə heyətinin yolasalma və qarşılanma mərasimlərindəki çıxışları, eləcə də XXVI Yay Olimpiya Oyunlarına dair ətraflı məlumatlar təqdim olunub.

Nəşrin əsas hissəsini həmin Olimpiadada Azərbaycanı təmsil edən 23 idmançının çıxışı, əldə etdiyi nəticələr, həmçinin milli komandanın üzvlərinin xatirələri və müsahibələri təşkil edir. Kitabda, eyni zamanda, "Atlanta-1996" Yay Olimpiya Oyunları zamanı lentə alınmış eksklüziv fotolara da yer verilib.

Qeyd edək ki, "Atlanta Yay Olimpiya Oyunları – 30 il" kitabı müstəqil Azərbaycanın Olimpiya tarixinin ilk parlaq səhifələrindən birini əks etdirən dəyərli nəşr kimi ölkənin idman salnaməsinə mühüm töhfə hesab olunur.







Offside