31 iyul 2026. Cümə

Azərbaycan futbolunda yeni layihə - Azarkeşlər artıq öz komandalarını qura biləcəklər


  • Offside
  • 11:37 31.07.2026
  • Oxunma sayı: 12
Azərbaycan futbolunda yeni layihə  - Azarkeşlər artıq öz komandalarını qura biləcəklər

AFFA tərəfindən Azərbaycan Premyer Liqasına həsr olunan yeni “APL Fantasy” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev bildirib ki, yeni platforma ölkə futbolunun populyarlaşdırılması və azarkeş marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, azarkeşlər uzun müddətdir Azərbaycan çempionatına həsr olunmuş "Fantasy" oyununu gözləyirdilər.

"Bu gün Azərbaycan futbolunun kütləviləşdirilməsi istiqamətində vacib addım atılır. İnanırıq ki, yeni platforma Premyer Liqaya marağı daha da artıracaq. Hazırda Azərbaycandan təxminən 15 min nəfər İngiltərə Premyer Liqasının "Fantasy" oyununda iştirak edir. Ümid edirik ki, həmin azarkeşlər və digər futbolsevərlər artıq yerli çempionatın "Fantasy" oyununa da qoşulacaqlar. Əsas məqsədimiz Azərbaycan futboluna yeni azarkeş kütləsi cəlb etməkdir", – deyə o vurğulayıb.

Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov isə qeyd edib ki, klublar layihəni müsbət qarşılayıblar. O, həmçinin Azərbaycan Premyer Liqasında yeni mövsümün avqustun 14-də start götürəcəyini xatırladıb.

Daha sonra layihənin müəllifi Ziya Əsgərov "APL Fantasy"nin qaydaları, mobil tətbiqin və veb-platformanın funksiyaları barədə təqdimatla çıxış edib.

Bildirilib ki, hər bir istifadəçi maksimum iki komanda yarada biləcək. Komandanın heyəti 15 futbolçudan ibarət olacaq və eyni klubdan ən çox üç oyunçu seçmək mümkün olacaq. Oyunçuların xalları Azərbaycan Premyer Liqasındakı real çıxışlarına – vurulan qollar, məhsuldar ötürmələr və digər statistik göstəricilərə əsasən hesablanacaq.

Qeyd edilib ki, həm turun, həm də mövsümün yekununda ən yüksək nəticə göstərən iştirakçılar müxtəlif mükafatlarla təltif olunacaqlar.







Offside