- Offside
- 23:44 31.07.2026
İyulun 31-də "Atlanta-1996" Yay Olimpiya Oyunlarında Azərbaycanın müstəqil dövlət kimi ilk iştirakının 30 illiyinə həsr olunmuş təntənəli qala gecəsi təşkil edilib.
Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca "Atlanta-1996" Olimpiadasının Azərbaycan idmanı üçün tarixi əhəmiyyətindən bəhs olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bildirib ki, 1996-cı il Olimpiadası Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq idman arenasında özünü təsdiqlədiyi mühüm mərhələ olub.
Onun sözlərinə görə, Azərbaycan həmin Olimpiadada 23 idmançı ilə təmsil olunub və sərbəst güləşçi Namiq Abdullayevin qazandığı gümüş medal ölkənin müstəqillik dövründə ilk Olimpiya mükafatı kimi tarixə düşüb.
"Bu medal müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı gələcək uğurlarının başlanğıcı oldu. Bu gün 30 il əvvəl ölkəmizi təmsil edən idmançıları, məşqçiləri və nümayəndə heyətinin üzvlərini yenidən bir araya gətirməkdən qürur duyuruq. İnanırıq ki, dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan idmançıları gələcəkdə də böyük uğurlar qazanacaqlar", – deyə Çingiz Hüseynzadə vurğulayıb.
Tədbirdə çıxış edən Olimpiya mükafatçısı Namiq Abdullayev də "Atlanta-1996"nın onun həyatında xüsusi yer tutduğunu bildirib.
"Olimpiya Oyunları hər bir idmançı üçün ən böyük sınaqdır. Qazandığım gümüş medal Ulu Öndər Heydər Əliyev tərəfindən qızıl medal qədər dəyərləndirildi. 30 ildən sonra həmin komandanın üzvləri ilə yenidən bir araya gəlmək böyük qürurdur", – deyə o qeyd edib.
Gecə çərçivəsində "Atlanta-1996" Yay Olimpiya Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmin Olimpiadada Azərbaycanı təmsil etmiş idmançılara MOK tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Bundan başqa, süni intellekt vasitəsilə canlandırılmış arxiv fotolarından hazırlanmış xüsusi video nümayiş etdirilib. "Azərbaycanın Olimpiya yolu" adlı təqdimatda isə ölkəmizin "Atlanta-1996"dan "Paris-2024" Yay Olimpiya Oyunlarınadək qazandığı nailiyyətlər əks olunub.
Tədbirin rəsmi hissəsi musiqi proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, "Atlanta-1996" Yay Olimpiya Oyunları Azərbaycanın idman tarixində dönüş nöqtəsi hesab olunur. Məhz həmin Olimpiadada ölkəmiz ilk dəfə müstəqil dövlət kimi çıxış edərək sonrakı illərdə qazanılan Olimpiya uğurlarının təməlini qoyub.