- Offside
- 19:30 02.08.2026
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışda 50-yə yaxın idmançı üç yaş kateqoriyası üzrə qalib adı uğrunda mübarizə aparıb.
35-49 yaş kateqoriyasında kişilər arasında 34 km məsafəyə keçirilən yarışda Məhəmməd Ələkbərov birinci yeri tutub. Ziyad Vəliyev ikinci, Nəbi Abbasov isə üçüncü olub.
50 yaşdan yuxarı kişilər arasında 17 km məsafəyə təşkil olunan yarışın qalibi Etibar Həsənov seçilib. Yusif Nəcəfov ikinci, Fizuli İsmayılov isə üçüncü pillədə qərarlaşıb.
Qadınların 17 km məsafəyə yarışında isə Natalya Vallek bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Yelena Dubentsova ikinci, Ülfət Nəzərli isə üçüncü yeri tutub.
Yarışdan əvvəl 46 yaşını qeyd edən iştirakçı Rəfael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Sonda qaliblər və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanskiy tərəfindən medal və hədiyyələrlə təltif ediliblər.