- Offside
- 19:30 02.08.2026
Sumqayıtda mas-reslinq üzrə Azərbaycan çempionatı baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhərin Nəsimi parkı ev sahibliyi edib.
Çempionat dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov çıxış edərək yarışın əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar.
Yarışda Bakı və ölkənin müxtəlif bölgələrini təmsil edən klub, cəmiyyət və idman təşkilatlarının idmançıları medallar uğrunda mübarizə aparıblar.
Çempionatın yekununda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, yarışın əsas məqsədi müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmasının heyətini formalaşdırmaq, sağlam həyat tərzinin təbliği və mas-reslinq idman növünün ölkədə inkişafına töhfə vermək olub.