- Offside
- 21:39 03.08.2026
Qusarda 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, bir həftə davam edəcək yarış ölkənin müxtəlif bölgələrindən gələn gənc şahmatçıları bir araya toplayıb.
Qusar Olimpiya İdman Kompleksində təşkil olunan olimpiadada iştirakçılar iki yaş kateqoriyası üzrə mübarizə aparırlar. XI turdan ibarət yarışın A qrupunda 11-16, B qrupunda isə 10 və daha kiçik yaşlı şahmatçılar qüvvələrini sınayırlar.
Açılış mərasimindən əvvəl olimpiada iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində Qusarın idman ənənələrini əks etdirən sərgi təşkil olunub. Burada rayonun tanınmış idmançılarına həsr olunan guşələr, müxtəlif mükafatlar, yerli sənətkarlıq nümunələri və əl işləri nümayiş etdirilib. Eyni zamanda milli rəqs və musiqi nömrələri təqdim olunub, "Kavkaz" Robototexnika Məktəbinin hazırladığı mini robotlar iştirakçıların marağına səbəb olub.
Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ölkədə idmanın inkişafına göstərilən dövlət dəstəyinin beynəlxalq arenada qazanılan uğurlarda mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov isə belə yarışların gələcəyin güclü şahmatçılarının formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Rəsmi hissənin ardından Respublika Şahmat Olimpiadasının ilk turunun oyunlarına start verilib.