4 avqust 2026. Çərşənbə axşamı

Bakıda keçirilən U-17 dünya çempionatında AMADA-dan antidopinq maarifləndirməsi


  • Offside
  • 12:15 04.08.2026
  • Oxunma sayı: 45
Bakıda keçirilən U-17 dünya çempionatında AMADA-dan antidopinq maarifləndirməsi

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən antidopinq maarifləndirmə proqramı keçirilib.

AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunan proqram zamanı agentliyin "Təmiz idman" guşəsini ziyarət edən idmançılar, məşqçilər və azarkeşlər antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumatlandırılıblar.

İştirakçılara həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda nəzərdə tutulan yeniliklər izah edilib.

Maarifləndirmə çərçivəsində dopinq və narkotik vasitələrin sağlamlığa, eləcə də idman karyerasına vurduğu zərərlər diqqətə çatdırılıb.

Proqram iştirakçıları antidopinq mövzusunda təşkil olunan viktorinalarda öz biliklərini sınayıblar. Qaliblər AMADA tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Agentlik bir daha vurğulayıb ki, təmiz idman prinsipləri idmanda ədalətli rəqabətin, dürüstlüyün və bərabər imkanların təmin edilməsində əsas rol oynayır. Dopinqdən uzaq durmaq təkcə qaydalara əməl etmək deyil, həm də idmançının öz sağlamlığına, rəqiblərinə və azarkeşlərə hörmətinin göstəricisidir. Bu dəyərlərə sadiqlik gənc nəslin sağlam idman mühitində formalaşmasına, ölkənin idman nüfuzunun qorunmasına və beynəlxalq arenada etibarlı imicinin möhkəmlənməsinə xidmət edir.







Offside