- Offside
- 19:00 05.08.2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin geniş iclası keçirilib.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə ilk olaraq gənclər və idman naziri Fərid Qayıbov və federasiya rəhbərliyi 21 avqustda start götürəcək qadın voleybolçuların Avropa çempionatına hazırlığı davam etdirən Azərbaycan millisinin məşqini izləyiblər.
Şahin Bağırov federasiyanın son dövrdəki fəaliyyəti, ölkədə voleybolun inkişafı istiqamətində görülən işlər, uşaq voleyboluna göstərilən diqqət və qadın voleybolçuların Avropa çempionatına hazırlıq prosesi barədə ətraflı məlumat verib.
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov AVF-nin fəaliyyətini yüksək qiymətləndirərək qurumun ölkədə ən səmərəli çalışan idman federasiyalarından biri olduğunu vurğulayıb. Nazir milli komandanın məşq prosesini yaxından izlədiyini və yığmada yüksək əhvali-ruhiyyə müşahidə etdiyini bildirib. O, baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yığmanın uğurlu çıxış edəcəyinə inamını ifadə edib. F.Qayıbov, həmçinin Gənclər və İdman Nazirliyinin AVF-yə və Avropa çempionatının təşkilinə hər cür dəstək göstərməyə davam edəcəyini bildirib. Nazir ölkəmizdə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb, yarışda iştirak edəcək milli komandaya uğurlar arzulayıb.
İclasda AVF-nin vitse-prezidenti Bəhruz Quliyev Avropa çempionatına hazırlıqla bağlı hesabatla çıxış edib. O, təşkilati hazırlıq, logistika, marketinq, media, könüllülər, bilet satışı və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Ardınca çıxış edən qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın hazırlıq prosesi, təlim-məşq toplanışları, yoxlama oyunları və heyətin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib. O, komandanın iyuldan etibarən sıx qrafiklə yarışa hazırlaşdığını vurğulayıb. Voleybolçuların doğma meydanda, azarkeşlərimiz önündə uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib. Mütəxəssis qeyd edib ki, belə mötəbər yarışın ev sahibliyi AVF-nin üzərinə böyük məsuliyyət qoyur. Onun sözlərinə görə, bu məsuliyyət iki əsas istiqaməti əhatə edir: yarışın yüksək səviyyədə təşkili və milli komandanın uğurlu nəticə qazanması. Faiq Qarayev həm federasiyaya, həm də Azərbaycan milli komandasına Avropa çempionatında uğurlar arzulayıb.
İclasda, həmçinin sentyabr ayında keçiriləcək çimərlik voleybolu yarışları ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa çempionatına hazırlıq çərçivəsində görülən işlər bir daha nəzərdən keçirilib. Qeyd olunub ki, sabahdan etibarən Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq və arena qarşıdakı günlərdə həm yarışın təşkili, həm də milli komandanın məşqləri üçün tam hazır vəziyyətə gətiriləcək. İclasda hazırda davam edən çimərlik voleybolu üzrə ölkə çempionatının final mərhələsinin oyunları ilə əlaqədar təşkilati və digər məsələlər müzakirə olunub. Avropa çempionatına hazırlıq çərçivəsində görülən işlər bir daha nəzərdən keçirilib.