6 avqust 2026. Cümə axşamı

Mingəçevirdə "Kürü keçək?!" yarışına rekord maraq


  • Offside
  • 15:47 06.08.2026
  • Oxunma sayı: 39
Mingəçevirdə "Kürü keçək?!" yarışına rekord maraq

Avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı baş tutacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib.

Bildirilib ki, 2022-ci ildən təşkil olunan yarış bu il Mingəçevirdə beşinci dəfə keçiriləcək. Tədbirə maraq ildən-ilə artaraq rekord həddə çatıb. Belə ki, builki yarışda iştirak etmək üçün 616 nəfər qeydiyyatdan keçib. Onlardan 111-i 1000 metr, 505-i isə 350 metr məsafədə qüvvəsini sınayacaq.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq yarış iki məsafə - 350 və 1000 metr üzrə təşkil olunacaq. İştirakçıların ən gənci 12, ən yaşlısı isə 79 yaşındadır.

Yarış kişi və qadınlar arasında 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə keçiriləcək.

Hər yaş kateqoriyasında ilk üç yeri tutan kişi və qadın iştirakçılar mükafatlandırılacaqlar.







Offside