7 avqust 2026. Cümə

Bakıda ilk dəfə “Junior International Series” kateqoriyalı beynəlxalq badminton turniri keçiriləcək


  • Offside
  • 10:19 07.08.2026
  • Oxunma sayı: 35
Bakıda ilk dəfə “Junior International Series” kateqoriyalı beynəlxalq badminton turniri keçiriləcək

Avqustun 14-16-da Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri təşkil olunacaq.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ev sahibi Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İran, Hindistan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən yeniyetmə badmintonçular qüvvələrini sınayacaqlar.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (təxminən 8 500 manat) təşkil edir.

Azərbaycan millisi yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 22 badmintonçu ilə çıxış edəcək. Komandanın heyətinə 13 qız və 9 oğlan idmançı daxil edilib.

Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnirin qalibləri isə avqustun 16-da baş tutacaq final qarşılaşmalarından sonra müəyyənləşəcək.

Yarışın baş hakimi Yunanıstandan olan beynəlxalq dərəcəli hakim Xristos Evangelidis olacaq.

Qeyd edək ki, “Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçirilən ilk beynəlxalq badminton turniri kimi tarixə düşəcək.

Turnirin əsas məqsədi uşaq və yeniyetmə badmintonçuların beynəlxalq yarış təcrübəsini artırmaq, onların peşəkar inkişafını dəstəkləmək və idmançılar arasında sağlam rəqabət mühitini gücləndirməkdir.







Offside