- Offside
- 19:46 07.08.2026
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 2013-cü il təvəllüdlü yeniyetmələr və 2011–2012-ci il təvəllüdlü gənclər arasında halqa, top, gürzlər və lent alətləri üzrə fərdi proqramın final çıxışları baş tutub.
Yeniyetmələrin yarışında halqa və top proqramlarında Amina Novruzova (BGM) qızıl medal qazanıb. Gürzlər və lent üzrə isə Güllüzar Şərifova (OCAQ) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Gənclər arasında Nur Sadıqova (RKİM) uğurlu çıxışı ilə seçilib. O, halqa, top və gürzlər proqramlarında bütün rəqiblərini qabaqlayaraq üç qızıl medal əldə edib. Lent üzrə yarışda isə qızıl medala Leyla Nemakina (OCAQ) sahib çıxıb.
Üç gün davam edən Azərbaycan çempionatı ərzində gimnastlar həm fərdi çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekununda qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, 31-ci Azərbaycan çempionatı gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də qarşıdakı beynəlxalq və yerli yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyıb.