- Offside
- 19:46 07.08.2026
Bakıda yerləşən "Hilton" hotelində "Səbail" Peşəkar Futbol Klubunun yenilənmiş İdarə Heyətinin təqdimat mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə klubun yeni İdarə Heyətinin Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğlundan ibarət olduğu açıqlanıb. Mərasimdə 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən strateji hədəflər, infrastrukturun inkişafı, sosial layihələr, uşaq və qız futbolunun inkişafı, eləcə də klubun gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Klubun prezidenti Mirzə Bayrampur çıxışında "Səbail"in yeni inkişaf strategiyasını və uzunmüddətli hədəflərini təqdim edib. O bildirib ki, əsas məqsəd yalnız idman uğurları qazanmaq deyil, eyni zamanda peşəkar idarəetmə modeli və müasir infrastruktur formalaşdırmaqdır.
İdarə Heyətinin üzvü Amin Məmmədov isə çıxışında "Səbail"i dayanıqlı, rəqabətqabiliyyətli və nümunəvi futbol klubuna çevirməyi qarşıya məqsəd qoyduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu hədəfə peşəkar yanaşma, müasir idarəetmə prinsipləri və davamlı inkişaf strategiyası hesabına nail olunacaq.
Tədbirdə iştirak edən sponsor şirkətlərin nümayəndələri də klubla əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu tərəfdaşlığın Azərbaycan futbolunun inkişafına töhfə verəcəyini bildiriblər.
Mərasim çərçivəsində "Səbail"in 2026/2027-ci illər mövsümü üçün hazırlanan yeni oyun formaları ictimaiyyətə təqdim olunub.
Bununla yanaşı, klub beş yeni legionerlə müqavilə imzalayıb. Bakı təmsilçisinin heyətinə Qanadan Peter Agblevor və Ezekiel Morgan, Portuqaliyadan Yan Said və Aldo Josué Gomes Soares, Braziliyadan isə Felipe Hulk cəlb olunub.
Təqdimat mərasimi media nümayəndələri üçün təşkil olunan brifinqlə başa çatıb.