7 avqust 2026. Cümə

Azərbaycan və İran arasında gənclər və idman sahəsində yeni fəaliyyət planı imzalandı


  • Offside
  • 16:38 07.08.2026
  • Oxunma sayı: 50
Azərbaycan və İran arasında gənclər və idman sahəsində yeni fəaliyyət planı imzalandı

İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

90deqiqe.Az-ın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanını və Zəfər abidəsini ziyarət edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Səfər proqramı çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə görüş keçirib.

Tərəflər görüşdə gənclər və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı" imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində İranın idman və gənclər naziri Əhməd Dünya Mali və onu müşayiət edən nümayəndə heyətinin Bakıda yerləşən bir sıra idman obyektləri ilə tanış olması da nəzərdə tutulub.







Offside