7 avqust 2026. Cümə

Gəncədə beynəlxalq “Ganja Cup 2026” start götürdü: İlk qaliblər müəyyənləşdi


  • Offside
  • 16:40 07.08.2026
  • Oxunma sayı: 42
Gəncədə beynəlxalq “Ganja Cup 2026” start götürdü: İlk qaliblər müəyyənləşdi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən “Ganja Cup 2026” beynəlxalq üzgüçülük yarışına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan turnirdə minimum 150 Dünya Su İdmanları Federasiyası (World Aquatics) reytinq xalına malik 150-yə yaxın üzgüçü mübarizə aparır. Yarışda paralimpiya, deflimpiya və xüsusi olimpiya hərəkatının idmançıları da iştirak edirlər.

Artıq ikinci dəfə təşkil olunan “Ganja Cup” bu il ilk dəfə beynəlxalq status qazanıb. Belə ki, Belarus və Gürcüstan yığmaları da turnirdə qüvvələrini sınayırlar.

Açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev bildirib ki, bu cür yarışlar ölkədə üzgüçülüyün inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, növbəti illərdə turnirin iştirakçı coğrafiyasının daha da genişləndirilməsi planlaşdırılır.

İlk yarış günündə kişilər və qadınlar arasında müxtəlif məsafələr və üzmə üsulları üzrə qaliblər müəyyənləşib.

Kişilərin mübarizəsində Abdurrəhman Rüstəmov iki qızıl medal qazanaraq günün ən uğurlu üzgüçülərindən biri olub. O, 50 metr batterflay və 100 metr sərbəst üsulla yarışlarda bütün rəqiblərini qabaqlayıb. Digər növlərdə Maksim Maşliakeviç, Kaxi Manqoşvili, Yeqor Maynitski, Oqtay Hüseynov, Ramil Vəlizadə, Matvey Danilov və Fərhad Şirməmmədli qızıl medallara sahib çıxıblar.

Qadınların yarışında isə Anastasiya Qnusina üç qızıl medal qazanaraq fərqlənib. O, 200 metr qarışıq, 400 metr və 1500 metr sərbəst üsulla yarışlarda birinci olub. Bundan başqa, Alisa Belaya, Palina Belyavskaya, Anna İvanova, Nino Ruxadze və Fatimə Alkərəmova da fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Turnir növbəti yarış günlərində müxtəlif yaş qrupları və üzmə növləri üzrə mübarizə ilə davam edəcək.







Offside