- Offside
- 23:57 07.08.2026
Trek velosipedi üzrə temp növlərində Ölkə Kuboku yarışlarına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 6-7-də keçirilən yarışlarda müxtəlif yaş qruplarında idmançılar fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi və skreç növlərində medallar uğrunda mübarizə aparıblar.
Gənc oğlanların (2008-2009) 1 kilometr məsafəyə fərdi ötüşmə yarışında Rəhim Nağıyev (ROEQİUGVM) qızıl, Çingiz İsayev (ROEQİUGVM) gümüş, Nihad Xudoyev (ROEQİUGVM) isə bürünc medal qazanıb.
U-15 oğlanlar arasında 500 metr və 2 kilometr məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) bütün rəqiblərini qabaqlayaraq iki qızıl medal əldə edib. U-17 oğlanlarda isə Emil Vaxrameyev (ROEQİUGVM) həm 500 metr, həm də 2 kilometrlik yarışlarda birinci olub.
Qızların mübarizəsində U-15 yaş qrupunda Amina Cəfərova (ROEQİUGVM), U-17 yaş qrupunda isə Məryəm Hüseynova (ROEQİUGVM) həm 500 metr, həm də 2 kilometrlik fərdi ötüşmə yarışlarında qızıl medallara sahib çıxıblar.
Gənc oğlanların çıxmaqla qrup ötüşməsi yarışında Çingiz İsayev (ROEQİUGVM) qalib adını qazanıb. İkinci yeri Nihad Xudoyev (ROEQİUGVM), üçüncü yeri isə Rəhim Nağıyev (ROEQİUGVM) tutub.
Skreç növü üzrə 7,5 kilometrlik yarışda isə Rəhim Nağıyev (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Çingiz İsayev (ROEQİUGVM) gümüş, Murad Nadirov (Təhsil) isə bürünc medalla kifayətlənib.
Beləliklə, iki gün davam edən Ölkə Kubokunda müxtəlif yaş kateqoriyalarında çıxış edən velosipedçilər temp növləri üzrə bacarıqlarını nümayiş etdirərək qalibləri müəyyənləşdiriblər.