- Offside
- 16:14 08.08.2026
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən “Ganja Cup 2026” üzgüçülük yarışına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
Yarışda paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də qüvvələrini sınayıblar.
Qeyd edək ki, ikinci dəfə keçirilən “Ganja Cup” bu il ilk dəfə beynəlxalq statusda təşkil olunub. Belə ki, turnirdə Belarus və Gürcüstanı təmsil edən üzgüçülər də iştirak ediblər.
Yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.
Mükafatlandırma zamanı müxtəlif növlər üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.