- Offside
- 16:14 08.08.2026
Mingəçevirdə Kür çayının sahilində açıq suda üzmə üzrə “Kürü keçək?! 5” yarışına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda bu il rekord sayda iştirakçı qeydə alınıb.
Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, su idman növlərinə marağın artırılması və onların daha geniş kütlə arasında yayılmasına töhfə verməkdir.
Artıq beşinci dəfə keçirilən “Kürü keçək?!” yarışına 2022-ci ildən etibarən maraq ildən-ilə artıb. Bu il tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ən gənc şəxsin 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.
Bu il yarış ilk dəfə iki məsafə üzrə təşkil olunur. İştirakçılardan 505 nəfər 350 metr, 111 nəfər isə 1000 metr məsafədə mübarizə aparır.
Yarış qadınlar və kişilər arasında altı yaş kateqoriyası üzrə keçirilir. Bunlar 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 71 yaşdan yuxarı kateqoriyalardır.
Hər yaş qrupunda qadınlar və kişilər arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Qeyd edək ki, yarışın ilk mərhələsində 350 metr məsafəyə üzmə üzrə mübarizəyə start verilib.