8 avqust 2026. Şənbə

“Vilyarreal” Bakıda istedadlı futbolçuları seçəcək


  • Offside
  • 14:47 08.08.2026
  • Oxunma sayı: 40
“Vilyarreal” Bakıda istedadlı futbolçuları seçəcək

İspaniyanın “Vilyarreal” klubunun nümayəndələri Bakıda futbol üzrə xüsusi layihə həyata keçirirlər.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Futbol Federasiyasının (BFF) tərəfdaşı olan “QOLAT Sport Service”in təşəbbüsü ilə təşkil olunan “Vilyarreal CF Camp Baku” layihəsi AFFA və BFF tərəfindən dəstəklənir. Təlimlər avqustun 7-dən 9-dək Bayıl stadionunda keçiriləcək.

Layihədə U-8–U-18 yaş kateqoriyalarında 40-45 futbolçunun iştirakı nəzərdə tutulub. BFF-nin tövsiyəsi ilə “Sabahın Ulduzları” yarışlarının U-15 çempionatından ölkəmizdə keçiriləcək Dünya Çempionatı və Festivalına namizəd 10 istedadlı futbolçu layihədə ödənişsiz iştirak etmək imkanı əldə edib.

Təlimlərin yekununda iştirakçılar arasından ən yaxşı futbolçu seçiləcək. Qalib “Vilyarreal” tərəfindən təşkil olunacaq beynəlxalq turnirdə iştirak hüququ qazanacaq. Futbolçunun səfər və turnirdə iştirakı ilə bağlı xərclər təşkilatçılar və İspaniya klubu tərəfindən qarşılanacaq.

Layihə çərçivəsində avqustun 9-da yerli məşqçilər üçün də ödənişsiz seminar təşkil olunacaq. Seminarda “Vilyarreal” akademiyasının məşq metodologiyası, futbolçu inkişaf modeli və akademiya sistemi barədə məlumat veriləcək.

UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos isə İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və gənc oyunçuların inkişafı istiqamətində beynəlxalq təcrübəsini bölüşəcək.

Qeyd edək ki, “Vilyarreal” nümayəndələrinin Bayıl stadionunda görüşü də keçirilib. Görüşdə “Sabahın Ulduzları”nın baş sponsoru “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, “QOLAT”ın rəhbəri Səid Bağırov və BFF-nin prezidenti Tahir Süleymanov iştirak ediblər.

Daha sonra seçim məşqlərinə start verilib. İspaniyalı qonaqlar “Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən “Zirə” – “Vətən” qarşılaşmasını da izləyiblər.







Offside