8 avqust 2026. Şənbə

“Əsas hədəfim Avropa və dünya yarışlarında medal qazanmaq, Olimpiadada iştirak etməkdir”


  • Offside
  • 15:25 08.08.2026
  • Oxunma sayı: 36
“Əsas hədəfim Avropa və dünya yarışlarında medal qazanmaq, Olimpiadada iştirak etməkdir”

Binə Atçılıq Mərkəzində təşkil olunan kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kubokunun açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, açılış mərasimindən sonra  gənc oxatan Fatimə Hüseynli jurnalistlərə açıqlamasında yarışla bağlı gözləntilərini, son nəticələrini və qarşıdakı hədəflərini bölüşüb.

Artıq beş ildir oxatma idmanı ilə məşğul olduğunu bildirən idmançı ölkə çempionatı və kubokunda uğurlu nəticə qazanmaq istədiyini deyib:

“Artıq beş ildir ki, oxatma ilə məşğulam. Hər bir idmançı kimi mən də bu yarışa yaxşı nəticə qazanmaq üçün gəlmişəm. İnşallah, qarşıma qoyduğum məqsədə çatacağam və yarışda layiqli nəticə göstərəcəyəm”.

Fatimə Hüseynli bu yaxınlarda gənclər arasında keçirilən Avropa çempionatındakı çıxışından da danışıb. O, komanda olaraq yaxşı nəticə göstərdiklərini və fərdi yarışda 6-cı yeri tutduğunu qeyd edib:

“Bu yaxınlarda gənclər arasında keçirilən Avropa çempionatından qayıtmışıq. Komanda olaraq çox yaxşı çıxış etdik. Ötən il Azərbaycan tarixində qazandığım Avropa çempionatının gümüş medalından sonra bu dəfə də yaxşı nəticə göstərmək istəyirdim. Son yarışda Avropada 6-cı oldum. Medal qazanmağa çox az qalmışdı. Təəssüf ki, bu dəfə alınmadı. Amma inanıram ki, qarşıdakı yarışlarda daha yaxşı nəticələr əldə edəcəyəm”.

Gənc oxatan qarşıdakı əsas hədəflərini də açıqlayıb:

“Bundan sonrakı əsas hədəfim mart ayında Antalyada keçiriləcək Avropa yarışında medal qazanmaqdır. Azərbaycanı təmsil edən gənc idmançı kimi Avropa və dünya yarışlarında yüksək nəticələr əldə etmək istəyirəm. Ən böyük arzularımdan biri isə Olimpiya Oyunlarında iştirak etməkdir. Bunun üçün məşqlərimi davam etdirəcək və əlimdən gələn hər şeyi edəcəyəm”.

 







Offside