- Offside
- 16:14 08.08.2026
Binə Atçılıq Mərkəzində keçirilən kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kubokunun açılış mərasimindən sonra Kamandan oxatma üzrə Azərbaycan millisinin baş məşqçisi Natiq Fazilov jurnalistlərə açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis ilk olaraq yarışın təşkilinə və idmançılar üçün yaradılan şəraitə münasibət bildirib:
“Binə Atçılıq Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Burada idmançılar üçün çox gözəl şərait yaradılıb. Belə yarışların keçirilməsində əsas məqsəd kamandan oxatma idmanının daha da populyarlaşdırılması və cəmiyyət arasında tanıdılmasıdır. Bu il çox yaxşı yarışlarda iştirak etmişik”.
Natiq Fazilov Azərbaycan millisinin son nəticələrini də yüksək qiymətləndirib. O, Fatimə Hüseynlinin Avropa çempionatında 6-cı yeri tutmasını xüsusi qeyd edib:
“Yəqin ki, məlumatınız var, idmançımız Fatimə Hüseynli Avropa çempionatında 6-cı yer tutub. Bu, bizim üçün çox böyük nəticədir. Bundan əlavə, kişilər arasında Avropa Oyunlarına lisenziya qazanmışıq. İnşallah, növbəti il qızlarımız da Avropa Oyunlarına lisenziya əldə edərlər”.
Baş məşqçi əsas hədəfin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu bildirib:
“Əsas məqsədimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bunun üçün əsas yarışlardan biri Kolumbiyada keçiriləcək dünya çempionatıdır. İnanıram ki, idmançılarımız orada layiqli çıxış edəcək və Olimpiya lisenziyaları qazanacaqlar”.
Natiq Fazilov ölkə çempionatı və kubokunda medal gözləntilərindən də danışıb:
“Bu gün medallar uğrunda əsas mübarizə olmayacaq. Sabah daha maraqlı görüşlər keçiriləcək. Xüsusilə qadınlar arasında kifayət qədər güclü heyətimiz var. Komanda üzrə 20 iştirakçıdan dördünün bizim idmançılarımız olması nəzərdə tutulurdu, lakin hazırda səkkiz idmançımız mübarizə aparır. Bu da bizim üçün yaxşı göstəricidir”.
Baş məşqçi komandanın yaş strukturu və gənc idmançıların inkişafı ilə bağlı görülən işlərə də toxunub:
“Hazırda komandamızda yaş dəyişimi gedir. Əsasən gənc və yeniyetmə idmançılarımız çoxdur. Böyüklər arasında, həm kişilərdə, həm də qadınlarda təcrübəli idmançılarımızın sayı azdır. Çalışırıq ki, gəncləri də böyüklərin yarışlarına cəlb edək. Onlar həm təcrübə toplasınlar, həm də yüksək səviyyəli yarışlarda özlərini sınasınlar. İnanıram ki, növbəti illərdə gənclərimiz daha yaxşı nəticələr göstərəcəklər”.
Fazilov Fatimə Hüseynlidən də yüksək nəticələr gözlədiklərini vurğulayıb:
“Fatimədən artıq ikinci yarışdır medal gözləyirik. O, həm Valqarasda keçirilən Avropa çempionatında, həm də açıq havada təşkil olunan Avropa çempionatında yaxşı nəticə göstərib. Valqarasda 5-ci, son Avropa çempionatında isə 6-cı yeri tutdu. Fatimə hələ gənclər kateqoriyasında çıxış etməlidir. Lakin nəticələrinə görə artıq böyüklər arasında da yarışlarda iştirak edir. İnanıram ki, qarşıdakı turnirlərdə medal qazanacaq”.
Azərbaycan İdman Akademiyasına qəbul məsələsinə də toxunan baş məşqçi bu sahəyə marağın əhəmiyyətli dərəcədə artdığını bildirib:
“Akademiyaya qəbul üçün müraciətlərin sayı 20 dəfədən çox artıb. Bu, çox sevindirici haldır. 100-dən artıq abituriyent var idi. Onların arasından 10 nəfər seçilib. Hələ yekun cavablar açıqlanmayıb. Amma inanıram ki, həmin 10 nəfərin ən azı 8-i gələcəkdə məşqçi kimi yetişsə, bu, bizim üçün böyük nailiyyət olar”.
Natiq Fazilov sonda federasiyanın qarşısında duran əsas vəzifələrdən birinin idman akademiyasını bitirən gənclərin gələcək məşğulluğunun təmin edilməsi olduğunu qeyd edib:
“Federasiyanın üzərinə də böyük məsuliyyət düşür. Bu idmançılar və tələbələr təhsillərini başa vurduqdan sonra onların işlə təmin olunması vacibdir. İnanıram ki, gələcəkdə kamandan oxatma bölgələrdə də daha geniş inkişaf edəcək və bu istiqamətdə yeni məşqçilər, idmançılar yetişəcək”.