- Offside
- 16:14 08.08.2026
Binə Atçılıq Mərkəzində keçirilən kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kubokunun açılışından sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov jurnalistlərə açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Federasiya rəsmisi yarışın təşkilati səviyyəsindən və tətbiq olunan yeniliklərdən danışıb:
“Turnirin təşkilatçılığından razıyam. Əvvəlki yarışlarla müqayisədə bu çempionat daha yüksək səviyyədə keçirilir. Bu dəfə Beynəlxalq Oxatma Federasiyasının müxtəlif proqram təminatlarından istifadə edirik. Artıq manual, yəni əllə doldurulan cədvəllərdən istifadə olunmur. Bütün proses elektron formada, xüsusi proqram təminatı vasitəsilə idarə edilir. Bununla yanaşı, gördüyünüz kimi, yarışın təşkilində müxtəlif yeniliklər də tətbiq edirik”.
Fərid Xəlilov bildirib ki, Azərbaycan çempionatı gələn il ölkəni beynəlxalq yarışlarda təmsil edəcək milli komandanın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır:
“Bu çempionatın nəticələrinə əsasən gələn il üçün milli komanda formalaşdırılacaq. Həmin komanda növbəti il beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək. Qarşıdakı il bu idman növü üçün, ümumilikdə Azərbaycan idmanı üçün çox vacibdir”.
Federasiya rəsmisi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hazırlıq prosesinə də toxunub:
“2027-ci il 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hazırlıq baxımından mühüm mərhələ olacaq. Həmin dövrdə lisenziya yarışları keçiriləcək. Bu turnirlərdə yüksək səviyyədə təmsil olunmaq bizim üçün çox vacibdir. İlk məqsədimiz Olimpiya lisenziyaları qazanmaqdır. Ona görə də bu yarışların yüksək səviyyədə keçirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır”.
Fərid Xəlilov kamandan oxatma üzrə idman ixtisasına marağın artmasından da danışıb. O, Azərbaycan İdman Akademiyasına qəbul üçün müraciətlərin sayının əhəmiyyətli dərəcədə artmasını görülən işlərin nəticəsi kimi qiymətləndirib:
“Əlbəttə, bu, təsadüfi proses deyil. Bir il ərzində həyata keçirilən müxtəlif tədbirlərin nəticəsidir. İl ərzində müxtəlif qurumlarla əməkdaşlıq və tanıtım məqsədilə tədbirlər təşkil etdik, çalışdıq ki, mümkün qədər çox insanı bu idman növünə cəlb edək”.
Federasiya baş katibi əlavə edib:
“Bunun nəticəsində kamandan oxatmaya maraq və populyarlıq artdı. Qəbul üçün müraciət edənlərin sayının 4-dən 106-ya yüksəlməsi bizim üçün çox yaxşı nəticədir. İnanıram ki, gələcək illərdə də bu göstəricilər artacaq. İdman Akademiyasında bu istiqamət üzrə daha çox yerin ayrılmasına çalışacağıq. Eyni zamanda bu idman növü ilə məşğul olan və sahədə çalışan insanların sayının da artacağına inanıram”.