- Offside
- 16:14 08.08.2026
Binə Atçılıq Mərkəzində keçirilən kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kubokunun açılış mərasimindən sonra Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani jurnalistlərə açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Pərvin Şirvani bildirib ki, müəssisənin nümayəndələri yarışda iştirak etməklə yanaşı, gənclərin də bu idman növü ilə yaxından tanış olmalarına şərait yaradıblar:
“Əvvəla, burada olmaqdan məmnunuq. Yarışda iştirak edirik, eyni zamanda gənclərimizi də buraya gətirmişik ki, onlar yarışları izləsin, bu idman növü ilə yaxından tanış olsunlar və idmançılarımızın çıxışlarını görsünlər”.
O, kamandan oxatmanın diqqət, dəqiqlik və yüksək konsentrasiya tələb edən idman növü olduğunu vurğulayıb:
“Təbii ki, bu yarış böyük diqqət, dəqiqlik və səbir tələb edir. Burada xüsusi qayğıya ehtiyacı olan idmançıların da iştirak etdiyini gördük. Bu, inklüzivliyin bariz nümunəsidir. Hər bir idmançıya və məşqçiyə uğurlar arzulayırıq”.
Pərvin Şirvani kamandan oxatma idmanının gələcəkdə beynəlxalq arenada Azərbaycanın daha geniş şəkildə təmsil olunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, bu idman növü gələcəkdə beynəlxalq arenada Azərbaycanı daha layiqli şəkildə təmsil etməyimizə imkan yaradacaq. İnanıram ki, idmançılarımız qarşıdakı yarışlarda ölkəmizə daha böyük uğurlar qazandıracaqlar”.
O, həmçinin yarışda iştirak edən gənclərin yeni təcrübə qazanmalarının vacibliyini qeyd edib:
“Ümid edirəm ki, bütün iştirakçılar buradan gözəl nəticələrlə və xoş xatirələrlə ayrılacaqlar. Qalib olmasalar belə, onların burada iştirak etməsi, mübarizə aparması və özlərini sınaması özü böyük və mənalı qələbədir”.