8 avqust 2026. Şənbə

“Kamandan oxatmaya marağın artması sevindirici haldır”


  • Offside
  • 16:14 08.08.2026
  • Oxunma sayı: 33
“Kamandan oxatmaya marağın artması sevindirici haldır”

Binə Atçılıq Mərkəzində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kuboku keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, yarışın açılışından sonra Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva jurnalistlərə açıqlamasında turnirin əhəmiyyətindən və kamandan oxatma idman növündə son dövrlər müşahidə olunan inkişafdan danışıb.

O bildirib ki, üç gün davam edən yarışda müxtəlif yaş kateqoriyalarında idmançılar mübarizə aparırlar.

Ülviyyə Hacıyeva turnirdə yeniyetmə və böyüklər arasında mübarizənin aparıldığını qeyd edib:

“Yarış üç yaş kateqoriyası üzrə keçirilir. Yeniyetmələr və böyüklər öz bacarıqlarını nümayiş etdirirlər. Artıq final mərhələsinə yüksələn idmançılar müəyyənləşib və qarşıdakı görüşlərdə qaliblər bəlli olacaq”.

Nazirlik rəsmisi son dövrdə kamandan oxatma idman növündə əldə olunan inkişafı xüsusi vurğulayıb:

“Bu il kamandan oxatma idman növü üçün çox uğurlu keçib. Bu istiqamətdə ciddi irəliləyişlər və yeniliklər var. Bir neçə yeni idman klubunun yaradılması da bunun göstəricisidir. Eyni zamanda əhali arasında bu idman növünə marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik”.

Ülviyyə Hacıyeva Azərbaycan İdman Akademiyasında kamandan oxatma istiqamətinə marağın artmasını da müsbət hal kimi qiymətləndirib:

“Bu il Azərbaycan İdman Akademiyasına kamandan oxatma istiqaməti üzrə daha çox müraciət daxil olub. Bu da idman növünün tanıdılması və inkişafı istiqamətində görülən işlərin nəticəsidir”.

O, gələcəkdə kamandan oxatmaya marağın daha da artacağına inandığını bildirib:

“Ümid edirəm ki, bu yeniliklər kamandan oxatmanın daha da kütləviləşməsinə səbəb olacaq. İnanıram ki, qarşıdakı illərdə bu idman növünə maraq daha da artacaq, yeni idmançılar yetişəcək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər. Yarışın bütün iştirakçılarına uğurlar arzulayıram”.







Offside