13 avqust 2026. Cümə axşamı

“Xankəndi” klubunda Müşahidə Şurası yaradılıb


  • Offside
  • 13:53 12.08.2026
  • Oxunma sayı: 27
“Xankəndi” klubunda Müşahidə Şurası yaradılıb

“Xankəndi” Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi və qarşıya qoyulan inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə yeni qərar qəbul olunub.

90deqiqe.Az-ın məlumatına görə, klubun Ümumi Yığıncağının qərarına əsasən, “Xankəndi” FK-da Müşahidə Şurası yaradılıb. Elgün Səmədov şuranın sədri seçilib.

Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, maliyyə və təşkilati fəaliyyətə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması, eləcə də əsas qərarların qiymətləndirilməsi ilə məşğul olacaq.

Yeni strukturun klubun idman siyasətinin formalaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, akademiyanın inkişafı, həmçinin sponsorluq və tərəfdaşlıq əlaqələrinin sistemli şəkildə qurulmasına töhfə verməsi nəzərdə tutulur.

Qeyd olunub ki, “Xankəndi” FK qarşısına peşəkar idarəetmə modelinin formalaşdırılması, dayanıqlı inkişafın təmin edilməsi və Azərbaycan futbolunda özünəməxsus yerə malik klub quruculuğunun həyata keçirilməsi məqsədini qoyub.

Müşahidə Şurasının yaradılması klubun bu hədəflərə çatması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.







Offside