- Offside
- 23:54 12.08.2026
Məhkəmə-tibb eksperti Karlos Kassinelli Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində yeni ifadə verib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "RMC Sport" məlumat yayıb.
Kassinellinin sözlərinə görə, Maradonanın ölümündən bir neçə gün əvvəl onun səhhətində bir sıra “narahatedici əlamətlər” müşahidə olunub. Bunlara ayaq və barmaqlarda şişkinlik, nəfəs almaqda çətinlik, hipertoniya və taxikardiya əlamətləri daxil olub. Mütəxəssis bildirib ki, heç kim bu simptomların səbəbini müəyyənləşdirməyə çalışmayıb.
Kassinelli hesab edir ki, Maradonanın vəziyyəti xəstəxanadan evə buraxıldıqdan sonra ən azı 10 gün ərzində tədricən pisləşib. O, həmçinin tibbi komissiyanın argentinalı futbol əfsanəsinin ölümündən əvvəl təxminən 12 saat aqoniya vəziyyətində olduğu qənaətinə gəldiyini xatırladıb. Bununla belə, məhkəmə prosesi zamanı bu qiymətləndirməyə etiraz edilib.
Qeyd edək ki, Karlos Kassinelli Dieqo Maradonanın yarılmasında və məhkəmənin qərarı ilə 2021-ci ildə yaradılan tibbi komissiyanın fəaliyyətində iştirak edib.
Dieqo Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ölümü ilə bağlı iş üzrə yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilən şəxsləri 25 ilədək həbs cəzası gözləyir. Onlar isə öz məsuliyyətlərini inkar edirlər.