- Offside
- 17:58 13.08.2026
Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadası başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərindən 326 yeniyetmə iştirak edib.
Yarışlar iki yaş kateqoriyası üzrə – A (11-16 yaş) və B (10 yaşadək) qruplarında təşkil olunub. İsveçrə sistemi üzrə 11 turdan ibarət olan olimpiada şəxsi-komanda xarakteri daşıyıb.
A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlar arasında isə Əsnad Baxşızadə birinci olub. Qaliblər AŞF tərəfindən Avropa çempionatında iştirak etmək üçün ezam olunacaqlar.
Yaş qrupları üzrə digər qaliblər isə İnci Cəbrayılova və Ziya Qubatov (8 yaş), Nurgün Fəxrətzadə və Azad Xuduzadə (10 yaş), Sadəgül Əfəndi və Əyyub Zəkiyev (12 yaş), Əsnad Baxşızadə və Suat İbrahimli (14 yaş), Rəna Ağamirzəyeva və Emin İsmayılov (16 yaş) olublar.
Komanda hesabında A qrupunda 4 nömrəli İOEUGİŞM birinci yeri tutub. 3 nömrəli RİOEUGİŞM ikinci, Quba komandası isə üçüncü olub.
B qrupunda isə 3 nömrəli UGİŞM qalib gəlib. Quba komandası ikinci, 4 nömrəli UGİŞM isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Respublika Olimpiadasında 30-a yaxın şəhər və rayondan yeniyetmə şahmatçılar mübarizə aparıblar.