- Offside
- 17:20 14.08.2026
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının “Sea Breeze”də keçiriləcək mərhələsində 16 komanda mübarizə aparacaq.
90deqiqe.Az-ın məlumatına görə, turnirdə Azərbaycan milli komandası ilə yanaşı, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, İspaniyanın “Madrid” və “Arrasate Ointxe”, Latviya, Çinin “Yanjinq”, Çexiya, Polşanın “Varşava” komandası, Ukrayna, Polşa, Paraqvay, Misir və Benin iştirak edəcəklər.
Yarışın oyunları avqustun 15-də təsnifat mərhələsi ilə başlayacaq. Azərbaycan millisi əsas mərhələnin C qrupuna vəsiqə uğrunda mübarizə aparacaq.
Yığma turnirdə ilk oyununu saat 10:00-da Ukraynaya qarşı keçirəcək. Komandamız daha sonra saat 10:50-də Misir seçməsi ilə qarşılaşacaq.
Günün ikinci yarısında əsas qrup mərhələsinin oyunlarına start veriləcək. B qrupunda yer alan “Neftçi SOCAR” saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” komandası ilə üz-üzə gələcək. Bakı təmsilçisi qrupdakı ikinci oyununda saat 17:40-da Çinin “Yanjinq” kollektivini sınağa çəkəcək.
Qruplarda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə yüksələcəklər. Avqustun 16-da isə 1/4 final, yarımfinal və final qarşılaşmaları keçiriləcək.