- Offside
- 14:10 16.08.2026
Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşib.
90deqiqe.Az Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) istinadən xəbər verir ki, avqustun 14-15-də keçirilən yarışın ilk günündə velosipedçilər Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparıblar.
15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə ROEQİUGVM-nin təmsilçisi İsmayıl Xankişiyev finişə hamıdan tez çataraq qalib olub. AE Cycling School-dan Abdurrəhman Rəfiyev ikinci, onun komanda yoldaşı Emil Abbasov isə üçüncü yeri tutub.
17 yaşadək oğlanların 20 km məsafəyə fərdi ötüşməsində AE Cycling School-un üzvü Raul Mahmudov birinci olub. ROEQİUGVM-dən Emil Vaxrameyev gümüş, “Təhsil” komandasının təmsilçisi İlkin Sadıqzadə bürünc medal qazanıb.
Yeniyetmə qızların 10 km məsafəyə fərdi ötüşməsində isə ROEQİUGVM-nin velosipedçisi Məryəm Hüseynova qalib gəlib. Eyni komandanın üzvü Elenika Vəlizadə ikinci, AE Cycling School-dan Sevinc Sultanzadə üçüncü olub.
Yarışın ikinci günündə mübarizə Qobustan rayonunda qrup ötüşməsi üzrə davam edib.
15 yaşadək oğlanlar arasında 60 km məsafəyə qrup ötüşməsində İsmayıl Xankişiyev növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Təhsil” komandasından Anar Mustafazadə ikinci, AE Cycling School-dan Ayxan Pənahlı üçüncü olub.
17 yaşadək oğlanların 80 km məsafəyə qrup ötüşməsində də Raul Mahmudov rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. ROEQİUGVM-dən Əli Zeynalzadə ikinci, “Təhsil”dən İlkin Sadıqzadə üçüncü yeri tutub.
Yeniyetmə qızların 20 km məsafəyə qrup ötüşməsində Məryəm Hüseynova finiş xəttini birinci keçib. Sevinc Sultanzadə gümüş, Elenika Vəlizadə isə bürünc medala sahib çıxıb.
Beləliklə, Kubokun iki yarış gününün yekunlarına əsasən 15 yaşadək oğlanlar arasında İsmayıl Xankişiyev, 17 yaşadək oğlanlarda Raul Mahmudov, yeniyetmə qızlar arasında isə Məryəm Hüseynova həm fərdi, həm də qrup ötüşməsində qalib olaraq maksimum nəticə göstəriblər.
Qeyd edək ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə AzVİF-in 2026-cı il üçün təsdiqlədiyi idman təqvim planına əsasən təşkil olunub.